Həqiqətən də 2020-ci ildən sonra Astana və Cenevrə Platformaları çərçivəsində siyasi həll təşəbbüsləri var idi. Bu təşəbbüslərin davamı olaraq 2022-ci ilin sonunda Ankara ilə Dəməşq arasında dialoq prosesi başladıldı. Bu prosesdə Türkiyənin Suriya rejimindən gözləntisi terrorla mübarizədə ortaqlıq və ölkədə siyasi həllin əldə olunmasında əməkdaşlıq olub. Ancaq Dəməşq rəhbərliyi siyasi və təhlükəsizlik problemləri həll edildikdən sonra Türkiyənin Suriyadakı hərbi varlığını geri çəkməsi və müxalifətə dəstəyi kəsməsi kimi gələcək mərhələlərdə gündəmə gələcək məsələləri ilkin şərt kimi irəli sürüb.
Türkiyənin bu prosesdə gözləntilərindən biri də Tel Rıfat bölgəsində terror təşkilatı PKK/YPG-nin varlığını heç olmasa təmizləmək idi. Bu məsələdə Rusiya ilə razılaşma olsa da, Tel Rıfat kimi kiçik bir ərazidə belə Türkiyənin PKK/YPG ilə mübarizəsinə cavab olaraq heç bir addım atılmadı. Siyasi səylərin nəticə vermədiyi bir şəraitdə “Heyət Təhrir əş-Şam”ın (HTŞ) rəhbərlik etdiyi İdlib müxalif qrupları Qərbi Hələb çölünə qarşı “Təcavüzün qarşısının alınması” adı altında hərbi əməliyyata başlayıb. Bu hərbi əməliyyat Suriyanın ikinci böyük şəhəri Hələbin və daha sonra Həmanın bir neçə gün ərzində gözləniləndən çox sürətlə müxalif qüvvələrin nəzarətinə keçməsi ilə nəticələndi. İndi isə Dəməşq ətrafında döyüşlər gedir.
Beləliklə, təxminən 4 ildir ki, daşların çox yerindən tərpənmədiyi Suriyada aktorlar arasındakı güc balansını, münasibətləri, aktorların nəzarət sahələrini, xarici aktorların təsir sahələrini və son nəticədə Suriya böhranının siyasi həll prosesinin hansı istiqamətdə davam edəcəyini müəyyən edəcək miqyasda dəyişiklik yaşandı. Ona görə də davam edən proses Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG ilə mübarizəsi baxımından bir neçə fərqli ölçüdə təsirləri olacaq bir inkişaf olub.
PKK/YPG itirən tərəfdədir
İdlib qruplarının Hələbə qarşı əməliyyatında fürsət görən terror təşkilatı PKK/YPG Mənbic üzərindən Tel Rıfat istiqamətində əməliyyata başlayıb və sözügedən iki bölgə arasında coğrafi əlaqə yaratmağa çalışıb. Bunun ardınca Suriya Milli Ordusuna (SMO) bağlı silahlı qruplar “Fırat Kalkanı” bölgəsi vasitəsilə cənuba doğru irəliləyərək, PKK/YPG-nin irəliləməsinin qarşısını almaq və Tel Rıfatı ələ keçirmək üçün “Azadlıq şəfəqi” əməliyyatına başlayıblar. “Azadlıq şəfəqi”nin ilk və ən əhəmiyyətli hədəfi Tel Rıfat olub, SMO dekabrın 1-dən etibarən bölgəyə nəzarəti ələ keçirib. Tel Rifatdan sonra SMO Mənbici mühasirəyə almaq üçün hazırlıqlara başlayıb.
Terror təşkilatı PKK/YPG rejim qüvvələri ilə əldə etdiyi münaqişəsiz razılaşma çərçivəsində Hələb şəhər mərkəzindəki Əşrəfiyyə və Şeyx Maqsud məhəllələrinə uzun illər nəzarət edirdi. Hələbin şəhər mərkəzini Suriya rejimindən aldıqdan sonra “Təcavüzün qarşısının alınması əməliyyatı”na bağlı qüvvələr PKK/YPG-dən sözügedən məhəllələrin boşaldılmasını tələb edib. Ona görə də noyabrın 27-də Suriyanın şimal-qərbində başlayan hərbi səfərbərlik Türkiyənin YPG/PKK ilə mübarizəsi baxımından qısa müddətdə konkret nəticələr verməyə başladı. Sahədən gələn işarələr “Azadlıq şəfəqi” əməliyyatının növbəti hədəfinin Mənbic olacağını göstərir.
Mənbic müxalif qüvvələrin nəzarətinə keçərsə, PKK/YPG-nin Fəratın qərbindəki bütün varlığına son qoyulacaq və təşkilat Fəratın şərqində məhdudlaşdırılacaq. Mənbicin mümkün itirilməsi təşkilatın su və elektrik kimi bəzi qaynaqlara və kritik ticarət yollarına nəzarət etmək imkanını da əlindən alacaq. Ona görə də ilk mərhələdə PKK/YPG-nin Suriya rejimi ilə uduzan tərəfdə olduğu görünür.
Suriyadakı hadisələrin PKK/YPG ilə mübarizəyə göstərəcəyi ən kritik təsir Türkiyənin Suriyadakı siyasi həll səylərində təsirini artırmasıdır. Bu vəziyyət Türkiyənin müxtəlif aktorlar tərəfindən siyasi həll masasının tərkib hissəsinə çevrilməsi istənilən PYD-ni kənarda saxlamaq imkanlarını artıracaq. Türkiyənin Suriyada artan nüfuzu YPG/PKK kimi mərkəzdənqaçma qüvvələr üçün pis xəbərdir. Çünki Suriyanın ərazi bütövlüyü və siyasi birliyi Türkiyənin siyasi həll prosesində nəzərdən keçirəcəyi əsas məsələlər arasında olacaq.
PKK/YPG Fəratın şərqində də kövrəkləşib
Son hadisələrdən sonra PKK/YPG-nin yaxın gələcəkdə daha böyük risk qavrayışına sahib olduğu düşünülə bilər. Çünki Fəratın qərbini itirən təşkilatın Fəratın şərqindəki mövqeyi daha da kövrəkləşib. Bunun əsasən iki səbəbi var. Hər şeydən əvvəl Tel Rifatda baş verənlər göstərdi ki, Rusiya ordusunun mövcudluğuna baxmayaraq, SMO PKK/YPG-nin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə bilər. Böyük ölçüdə ABŞ tərəfindən dəstəklənən və himayə edilən PKK/YPG Rusiyanın himayəsi altında Mənbic və Fəratın şərqindəki sərhəd xətti boyunca 30 kilometr dərinlikdə fəaliyyət göstərir. Lakin Tel Rifat göstərdi ki, Rusiyanın müdafiəsi yetərli olmaya bilər. Mövcud vəziyyət ən azından Türkiyəyə PKK/YPG ünsürlərinin Mənbicdən və sərhəddən çəkilməsi ilə bağlı Rusiyaya daha çox təzyiq etmək imkanı verəcək və SMO-nun Mənbicdəki hərbi performansı əməliyyatların Fəratın şərqinə qədər uzanmasına imkan verə bilər.
İkinci səbəb odur ki, PKK/YPG-nin Raqqa və Deyr əz-Zor kimi əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan şəhərlərdə onsuz da zəifləyən mövqeləri daha da sarsılacaq. 2023 və 2024-cü illərdə Deyr əz-Zorda PKK/YPG ilə ərəb qəbilələri arasında şiddətli toqquşmalar baş verib. Fəratın qərbində baş verən hadisələr çayın şərqindəki aktorların gələcək planlarını yenidən nəzərdən keçirməsinə səbəb olacaq. Bu kontekstdə ərəb qəbilələrinin PKK/YPG varlığına qarşı üsyan cəhdləri sürət qazana bilər. Bu, PKK/YPG-ni öz bölgələrində daxildən zəiflədəcək.
Türkiyə son hərbi eskalasiyanın birbaşa tərəfi olmasa da, nəticələr baxımından əlverişli mövqe qazanıb. Türkiyənin Suriyada artan gücü onun Suriyadakı nüfuzlu aktorlara qarşı sövdələşmə gücünü artıracaq. Son hadisələrə baxmayaraq, Türkiyə Astana masasının qorunub saxlanması lehinə mövqe tutdu. Bununla belə, Astana prosesi gələcəkdə yeni reallığa uyğun olaraq inkişaf etməlidir. Çünki meydanda vəziyyət dəyişəcək və yeni şərtlər Türkiyəyə Suriyada fərqli xarici siyasət alternativlərinə üz tutmağa imkan verəcək.
Asif Cəfərov
Ordu.az